Sənin baxışın daha sərt, daha alovlu olurdu, o məni od kimi yandırırdı. Mən çalışırdım başa düşəm ki, sən axır ki, məni tanıdın, yoxsa mən yenə də sənin üçün yeni, başqa, yad bir qadınam?! Qan üzümə çırpıldı. Dostlarımın suallarına necə gəldi cavab verməyə başladım. Sən hiss etməyə bilməzdin sənin baxışın məni necə narahat edirdi. Başının zəif hərəkəti ilə mənə işarə elədin ki, mən bir dəqiqəlik vestibülə çıxım. Sonra sən qəsdən yüksək səslə hesabı istədin, dostlarına sağollaşdın və bir daha məni gözləyəcəyini işarə edərək çıxdın. Mən qızdırmalı kimi əsirdim, bir söz də deyə bilmirdim, məni bürüyən narahatlığı üzərimdən ata bilmirdim. Elə bu an bir zənci cütlük ayaqqabılarını tez – tez yerə döyərək müasir bir rəqs ifa etməyə başladılar və bütün diqqətlər onlara yönəldi və bundan istifadə edərək, qalxdım, dostuma dedim ki, indi qayıdıram və sənin ardınca çıxdım. Continue reading
Category Archives: Ştefan Tsveyq – Naməlum qadının məktubu (tərcümə)
Ştefan Sveyq – “Naməlum qadının məktubu” – PART 7
… Bizim uşağımız dünən öldü – sən onu heç vaxt tanımadın. Heç vaxt, hətta ani təsadüfi görüşdə belə sənin nəzərlərin səndən yaranmış balaca, işıqlı varlığa sataşmadı. Mən uzun müddət səndən gizləndim; uşağım olandan sonra, mən səni sanki daha sakit sevgi ilə sevirdim, ən azından o artıq mənə dözülməz əzablar vermirdi. Mən həyatımı səninlə oğlum arasında bölmək istəmirdim və mən özümü sənə – həyatı mənim yanımdan keçən xoşbəxtlik avarasına yox, uşağa həsr elədim – hansına ki, mən lazım idim, yedirməli idim, hansını ki, öpə və qucaqlaya bilərdim. Bu dünyaya həqiqətən mənə məxsus olan başqa bir “sən” gəldikdən sonra mən səni məni sənə bağlayan ehtiras əzabının hakimiyyətindən azad oldum; ancaq hərdən, çox nadir hallarda mən sənin evinə yaxınlaşırdım. Amma hər il, sənin doğum günündə mən sənə eynən bizim sevgimizin birinci gecəsindən sonra mənə bağışladığın kimi ağ qızılgüllər göndərirdim. Bu on, on bir ildə bir dəfə də olsun özün özünə sual verdinmi ki, bu gülləri kim göndərir axı? Bəlkə heç olmasa bir dəfə belə qızılgüllər hədiyyə elədiyin insanı xatırladın? Mən sənin cavabını bilmirəm və heç vaxt da bilməyəcəm. Ancaq ildə bir dəfə o gülləri qaranlıqdan sənə uzatmaq və o görüş haqqında yaddaşını təzələmək – mən başqa heç nə istəmirdim. Sən bizim yazıq körpəmizi tanımadın – bu gün mən peşmanam onu səndən gizlətdiyimə görə, çünki məncə sən onu çox sevərdin. Sən bizim yazıq oğlumuzu tanımadın, heç vaxt görmədin o necə gülümsəyir və özünün tünd, düşüncəli gözlərini – sənin gözlərini! – necə böyük açır. Ah, o elə şən, elə şirin idi ki… Onda sənin canlılığın, kəskin, dağınıq təsəvvürlərin təkrar olunurdu. Continue reading
Ştefan Çveyq – “Naməlum qadının məktubu” – PART 6
… Mənim körpəm dünən öldü – o həm də sənin körpən idi. Bu həm də sənin körpən idi, sevgilim – həmin üç gecədən birinin körpəsi; sənə and içirəm və sən özün də bilirsən ki, ölüm qarşısında insan yalan danışmaz. Bu bizim körpəmiz idi, and içirəm, çünki mənə səninlə olduğum saatdan körpəm doğulan günə qədər bir kişi də toxunmamışdı. Mən bədənimi sən ona toxunduğun andan etibarən müqəddəs hesab edirdim. Mən axı özümü mənim üçün hər şey olan səninlə və təsadüfən qarşıma çıxan birisi ilə necə bölə bilərdim? Bu bizim körpəmiz idi, sevgilim, mənim dərin sevgimin və sənin qayğısız və axıcı sığallarının körpəsi, bizim körpəmiz, bizim oğlumuz, bizim yeganə uşağımız. Ancaq sən məndən soruşa bilərsən – bəlkə qorxu ilə, bəlkə də, təəccüblə – soruşa bilərsən ki, niyə mən bizim uşağımız haqqında uzun illər susmuşam və bu barədə yalnız indi, o burada qaranlıqda uzanıb, gözlərini həmişəlik yumanda danışıram. Amma mən bunu sənə necə deyə bilərdim? Sən heç vaxt mənə, naməlum qadına, heç bir müqavimətsiz, bircə sözünlə sənə təslim olan üç gecənin təsadüfi rəfiqəsinə inanmazdın, inanmazdın ki, mən həmişə sənə sadiq olmuşam və yalnız şübhə ilə bu uşağı özününkü hesab edərdin. Hətta əgər mənim sözlərim sənə həqiqətəuyğun görsənsə belə, sən heç vaxt gizli bir fikirdən əzab ola bilməyəcəkdin ki, mən səni, varlı insanı yad bir uşağın qayğıları ilə bağlamağa çalışıram. Sən mənə şübhə ilə yanaşardın və bizim aramızda kölgə, qarışıq, nəzərəçarpmaz etibarsızlıq kölgəsi qalardı. Continue reading
Ştefan Çveyq – “Naməlum qadının məktubu” – PART 5
… Sən o dəfə məni tanımadın. Və iki gündən sonra məni yenidən görəndə və mənə demək olar ki, tanış bir insan kimi baxanda sən yenə də məndə səni bir vaxtlar sevən insanı yox, sadəcə iki gün əvvəl eyni yerdə rastlaşdığın qəşəng 18 yaşlı qızı gördün. Sən mənə təəccüblə və mehribanlıqla baxdın və dodağında yüngül gülüş oynadı. Yenə də yanımdan keçdin və addımlarını yavaşıtdın – mən əsirdim, həyəcanlanırdım və dua edirdim ki, sən mənimlə danışasan. Başa düşürdüm ki, ilk dəfədir ki, mən sənin üçün canlı varlığam. Mən də sənin yanından sakitcə keçdim, səndən qaçmadım. Və birdən hiss elədim ki, sən mənim arxamca gəlirsən. Geri baxmadan hiss elədim ki, indicə sənin sevimli səsini eşidəcəm və ilk dəfə mənə müraciət eləyəcəksən. Həyəcandan əsirdim, ürəyim bərk çırpınırdı, hətta az qalmışdı ki, dayanım, ancaq sən artıq mənə çatmışdın. Sən mənimlə öz adi yüngüllüyün və şənliyinlə danışdın, sanki biz köhnə tanışlar idik – ah, sən axı heç nə bilmirdin, mənim həyatım haqda heç vaxt heç nə bilməmişdin – mənimlə elə sadəliklə danışdın ki, mən hətta sənə cavab vermək üçün özümdə güc də tapdım. Biz küçənin tininə çatdıq. Sən bir yerdə şam eləmək təklif elədin və mən razılaşdım. Sənə necə etiraz edə bilərdim axı?! Continue reading
Ştefan Çveyq – Naməlum qadının məktubu – PART 4
… Mənim körpəm dünən öldü, indi mən yenə də tək qalacam, əgər hələ yaşaya biləcəmsə. Sabah qara geyimli yad adamlar gələcək, özləri ilə tabut gətirəcəklər, və körpəmi – mənim yazıq, yeganə balamı o tabutun içinə qoyacaqlar. Ola bilsin ki, dostlarım gələcək, özləri ilə çələng gətirəcəklər, ancaq güllərin tabutun yanında nə mənası var axı… Məni sakitləşdirməyə çalışacaqlar, nəsə sözlər, sözlər, sözlər deyəcəklər… Ancaq nə xeyri var?Bilirəm ki, onsuz da yenə də tək qalacam. İnsanlar arasında tənha qalmaqdan da daha dəhşətli nə ola bilər ki?Mən bunu hələ onda, İnsburqda keçirdiyim sonsuz iki ildə, 16 yaşdan 18 yaşına kimi öz ailəmdə əsir kimi yaşayanda başa düşmüşdüm. Sakit adam olan atalığım mənimlə yaxşı davranırdı; anam elə bil ki, qarşımda günahlarını yumaq üçün bütün istəklərimi yerinə yetirirdi. Cavan oğlanlar mənimlə münasibət qurmaq istəyirdilər ancaq mən onları rədd edirdim. Mən səndə uzaqda xoşbəxt olmaq, razı olmaq istəmirdim. Mən qəsdən tənhalığın qaranlığına qapanırdım. Mənə alınan yeni paltarları geyinmirdim, konsertlərə və teatrlara baş çəkməyə, pikniklərə getməyə etiraz edirdim. Demək olar ki, evdən çıxmırdım – inanırsan, sevgilim, mən iki il yaşadığım bu kiçik şəhərin heç 10 dənə küçəsin də tanımırdım. Mən yanırdım və yanmaq istəyirdim, özümü kədər damcıları ilə sərxoş edirdim, ancaq bu da səni görməmək kimi bir dərdimi unutdura bilmirdi. Continue reading
Ştefan Çveyq – “Naməlum qadının məktubu” – PART 3
… Ancaq yenə də: mənim bütün günü işim – gücüm ancaq səni gözləmək idi. Bizim qapımızda yumru gözlük var idi ki, ordan baxanda sənin qapın görsənirdi. Bu deşik – yox, sevgilim, gülmə, hətta indi də mən onun arxasında keçirdiyim saatlara görə utanmıram – mənim dünyaya pəncərəm idi: orada, o soyuq dəhlizdə, anamın xəbər tutacağından qorxaraq, əlimdə kitab bütün gecəni həyəcanla oturub gözləyirdim. Sənin hər yaxınlaşmağında əsməyə başlayırdım. Mən səni heç vaxt tərk etmədim; dayanmadan, gərgin bir diqqətlə səni güdürdüm, ancaq bu sənin heç nəzərinə də çatmırdı. Cibində daşıdığın və səninçün hər saniyəni dayanmadan gərginliklə işləsə də ancaq hər milyon saniyədən bir ötəri baxdığın saatın kimi… Mən sənin haqqında hər şeyi bilirdim, bütün vərdişlərini, qalstuklarını, kostyumlarını tanıyırdım; mən sənin bütün tanışlarını tanımağa və tezliklə onları ayırmağa başlamışdım. Mən onları xoşuma gələnlərə və nifrət etdiklərimə ayırırdım. 13 yaşdan 16 yaşa kimi mən ancaq səninlə yaşadım. Ah, mən nə qədər axmaqlıqlar edirdim! Mən sənin əlinin toxunduğu qapı cəftəsini öpürdüm, evə daxil olmazdan əvvəl tulladığın siqaretin kötüyünü yığırdım və onlar mənim üçün müqəddəs idi, çünki onlara sənin dodaqların toxunmuşdu. Axşamlar mən min cür bəhanə ilə həyətə qaçırdım baxım ki, sənin hansı otağında işıq yanır. Continue reading
Ştefan Çveyq – “Naməlum qadının məktubu” – PART 2
… Sevgilim, mən bunları, bu gülünc xırdalıqları sənə ona görə danışıram ki, sən lap əvvəldən mənim kimi kiçik, qorxaq qızcığaz üzərində necə hakimiyyət qazana bildiyini dərk eliyəsən. Hələ çox əvvəl, sən mənim həyatıma girməmişdəm qabaq, sənin ətrafında artıq bir növ nimb, varlılıq, qeyri adilik və sirlilik təcəssüməsi yaranmışdı; biz hamımız öz kiçik binamızda səbirsizliklə sənin gəlişini gözləyirdik. Bilirsən axı, kiçik, dar bir aləmdə yaşayan insanlar necə hər şeyə maraqla yanaşırlar. Və mən bir dəfə məktəbdən qayıdanda evin qarşısında mebel olan furqonu görəndə məndə sənə qarşı qəribə bir maraq oyanmışdı! Ağır əşyaların çoxunu işçilər artıq yuxarı qaldırmışdılar və indi də ayrıca, xırda əşyaları qaldırırdılar; Continue reading
Ştefan Çveyq – “Naməlum qadının məktubu” – PART 1
Məşhur belletrist R. dağa istirahətə getdiyi üç günlük səyahətdən səhər tezdən Vyanaya qayıdıb və vağzalda qəzet alıb, tarixə baxanda, birdən yadına düşdü ki, bu gün onun doğum günüdür. Qırx birinci, – o tez hesabladı və bu fakt onu nə sevindirdi, nə də məyus etdi. Qəzetin şax vərəqlərinə cəld göz gəzdirdi, taksi saxladı və öz evinə yollandı. Qulluqçu ona, o burada olmayanda ona baş çəkən iki nəfər ziyarətçi və bir neçə telefon zəngi haqqında məlumat verdi və padnosda toplanan məktubları gətirdi. Yazıçı tənbəlcəsinə redaksiyadan gələn məktublara baxdı, bir neçə zərfi açıb, göndərənlərin soyadlarına baxdı; yad xətlə yazılan və ona olduqca böyük görsənən məktubu kənara qoydu. Qulluqçu çay gətirdi. O kreslosunda rahat əyləşib bir daha qəzetə göz gəzdirdi, göndərilən kataloqlara baxdı, sonra bir siqaret yandırdı və kənara qoyduğu məktubu əlinə aldı. Continue reading