Bu imtahana yaxşı hazırlaşmışdım. Ona görə də imtahan otağında cəmisi 1 saatdan bir qədər çox oturdum. Sonra isə kağızımı təhvil verib, çölə çıxdım. Həyəcandan bir qədər də acmışdım. Qərara gəldim ki, düşüb bufetdə nəsə yeyim. Bufetə yenicə girmişdim ki, arxadan kiminsə mənim adımı çağırdığını eşitdim. Bufetə giriş qapısından sağda çoxlu stullar olurdu və bufetdə yer tapa bilməyənlər və ya oranın bir qədər boğucu havasını ağır qəbul edənlər gəlib burda əyləşə bilərdilər.
Çevrilib baxdım. Stulların birində Leyla əyləşmişdi. Əvvəl elə bildim ki, qulağıma səs gəlib. Çünki ətrafda Leyladan başqa heç kəs yox idi. Ancaq Leylanın üz cizgilərindən gördüm ki, yox, səhv eşitməmişəm.
Ürəyimin şiddətlə döyündüyünü hiss elədim. Ancaq bunu hiss elətdirməməliydim. Bir neçə saniyədən sonra hiss elədim ki, yenə normal vəziyyətə qayıdıram və artıq inamlı addımlarla ona yaxınlaşıb, gəlib qarşısında dayandım.
- Salam, necəsən? – soruşdum.
- Yaxşıyam, sən?
-Normal. Sizə də imtahan idi?
Özüm də axmaq sual verdiyimin fərqinə vardım. Əlbəttə, imtahan idi. İmtahan olmasa idi, onun burda nə işi var idi? Axx, Elvin, sənə nə olub axı? Deyəsən, Leyla də vəziyyəti başa düşdü, ancaq türklər demiş, çaktırmadı.
- Aha, riyaziyyatdan. Sizə? Continue reading