Gəlirəm…!

 
Gözlərini qəfildən açdı. Öz otağında idi. Bir neçə dəqiqə kirimişcə tavana zilləndi. Yuxuda bərk tərləmişdi və indi təri soyuduqca üşüdüyünü hiss edirdi. Yenə eyni yuxu: düz 1 ay idi ki, hər gecə eyni səhnəciyi görürdü. Az qalırdı dəli olsun, dəhşətdən qəfil ayılırdı. Hər gecə 3 nəfərin onun üstünə gəldiyini görürdü. Heç birinin sifət cizgiləri görsənmirdi. Yalnızca gözləri var idi. Biri qadın olan iki nəfərdə bu gözlər bədənin üstündə gəlirdi, üçüncüdə isə heç bədən də yox idi, sadəcə 1 cüt göz idi. Ancaq Fərəcə elə gəlirdi ki, o bu gözləri tanıyır. Amma yadına sala bilmirdi. Gözlər Fərəcin üzərinə getdikcə o geri çəkilirdi və son anda yuxudan ayılırdı.

    Atəşkəs elan olunmasından ay yarımdan bir qədər çox vaxt keçmişdi. Ayağını itirib yataq xəstəsinə çevrilsə də, yenə də ürəyində bir ümid qalırdı ki, tezliklə ermənilər geri çəkiləcək. Atəşkəs elan olunduqdan sonra isə, o, artıq polkovnik Səfərov yox, şikəst Fərəc idi. Hər gecə qorxulu yuxular görən şikəst.

    Əlləri ilə çarpayıya dirsəklənib, qalxıb oturdu…

    1991 – ci illərin sonu idi. Könüllü olaraq Ağdama gələrək, özünümüdafiə batalyonlarından birinə yazılmışdı. Əfqanıstandan yenicə qayıtdığı üçün döyüş vərdişlərini itirməmişdi. Gəldiyi günün axşamı siqaret çəkmək üçün kazarmadan çölə çıxdı. Soyuq havada bir nəfər əsgər dodaqaltı “Qarabağ şikəstəsi”ni zümzümə edirdi. Onun yaxınlaşdığını hiss edib susdu. Fərəc dilləndi:

    – Spiçka var?
Gənc əsgər öz siqaretini Fərəcə uzatdı. Fərəc bir – iki qullab vurduqdan sonra siqareti alışdırdı və geri qaytardı. Hər ikisi sakit dayandılar. Bu dəfə sükutu əsgər pozdu:

    – Deyirlər, Əfqanıstanda döyüşmüsən?!
- Hə, 2 il. Təzə gəlmişdim elə.

    – Doymamısan vuruşmaqdan? – əsgər gülümsündü. Fərəc aydın gecədə onun tünd göy, mənalı gözlərinə baxdı. Continue reading

Səni gözləyirəm… (c) Seyidzadə İlkanə

Salam ana. Necəsən? Mən yaxşı deyiləm ana. Bura uşaq evi deyirlər. Burada çoxlu uşaqlar, müəllimələr var. Ancaq sənin yanında daha yaxşı idim. Bilirəm, sən özün məni bura qoymusan ki, uşaqlarla oynayım, çoxlu dostlarım olsun. Ana, mən sənin yanında daha xoşbəxt idim. Düzdü, burada müəllimələr mənimlə çox mehribandılar. Onlar sənin kimi məni döymürlər. Yadına gəlir, mən bir dəfə sənin telefonunu götürmüşdüm ki, atama zəng vurum. Sən çox əsəbləşdin, qaşığı qızdırıb mənim əlimə basdın. Amma nə olsun ki, məni çox istəyirdin deyə elə etmişdin də. Günah məndə idi ki, sənin telefonuna əl vururdum. Axı atam mənə öyrətmişdi ki, başqalarının əşyalarına əl vurmaq olmaz. Bilirsən, mən hər gecə yatanda əlimin üstündəki o yaranın izlərini öpürəm. Səni görmürəm ki öpüm. Əlimi öpəndə elə bil səni öpürəm. Çox darıxmışam ana, çox darıxmışam…

    Bir gün atam evin ortasında uzanmışdı. Üstünə ağ parça salmışdılar. Onda nənəm, bibim, hamı, ağlayırdı. Ancaq sən ağlamırdın. Mən nənəmdən soruşdum ki, “ niyə atam yerdə uzanıb, siz niyə ağlayırsınız?” O demişdi ki,- Atan Allah babanın yanına getdi”. Sən ağlamırdın deyə mən də ağlamırdım. Mən hələ də başa düşmürəm ki, axı niyə onlar ağlayırdı? Niyə o gündən sonra atamı görmədim? Niyə siz imkan verdiniz ki, dayılar onu çiyinlərində aparsınlar?…

    Ana, bilirsən, mən burda saymağı, ayların, həftənin günlərinin adını öyrənmişəm. Mən bilirəm, artıq 6 yaşım var. Mən artıq 421 gündür ki, burdayam. Bax yazmağı da öyrənmişəm. Sənə 12-ci məktubumdu yazıram. Bilirəm, məktublarımı hər gün oxuyub öpürsən. Mən də bütün məktubları öpüb göndərirəm sənə. Bilirəm ki, bütün məktublarıma cavab yazırsan. Ancaq müəllimələr paxıllıq edib vermirlər mənə o məktubları. Nədənsə ancaq mənim məktublarımı vermirlər. Başqa uşaqlara gələn məktubları gətirirlər. Ana, sən pis olma. Verməsinlər heç, onsuz da yaxınlarda görüşəcəyik… Continue reading

Qalib şəhid

  26 iyun Milli Ordu günü münasibətilə Qarabağ şəhidlərinin əziz xatirəsinə…

Avqust, 2012 – ci il. Laçın. Hərbi qospital.

Səhər açılan kimi günəşin yandırıcı şüaları düz o yatdığı çarpayının üstünə vururdu. Axşamdan bəri ölümlə əlləşirdi. Hətta ona gəldi ki, səhərə sağ çıxa bilməyəcək, günəş çıxan kimi o da həyatını yeni doğan günəşin şüalarına tapşıracaq. Çünki nədənsə bu vaxta kimi yaralı olan bütün dostları səhər gün çıxana yaxın canlarını tapşırırdılar. Səbəbini anlaya bilmirdi. Ancaq bir şeyi dəqiq anlayırdı ki, bu onun son günüdür. Əməliyyatdan sonra yarası bərk ağrıyırdı. 3 saatdan sonra helikopter gəlib onu bir neçə ağır yaralı ilə birlikdə Bakıya aparmalı idi, ancaq o əmin idi ki, ona kimi dözə bilməyəcək. Həyat əlamətlərinin onu dəqiqəbədəqiqə necə tərk etdiyini bütün vücudu ilə hiss edirdi. Continue reading

Mən isə həyatımdan çox razıyam – 2

Öhhö, öhhö… Öhhhö…

Bu siqaret də bir gün axırıma çıxacaq… Gül kimi tərgizmişdim. İndi 10 günə yenə öyrəşdirdim özümü. Belədir də, əvvəlcə məktəb vaxtı özümüzü kişi kimi görsətmək üçün çəkməyə başlayırıq, sonra isə yaşlananda özümüzü kişi kimi görsətmək üçün tərgitməyə çalışırıq. Çox adamda bu alınmır, amma məndə alınmışdı. Onun sayəsində alınmışdı…

Ümumiyyətlə, onun sayəsində həyatımda çox şey dəyişildi. Bəlkə də, ikinci bir şansım olsaydı, həyatımı başqa cür qurardım. Bəlkə də, yox…

Hmmm… Görəsən burdan, 16 – cı mərtəbədən yerə kimi məsafə neçə metr olar? Hər mərtəbə arasını 3 metr götürsək, 16 – nı 3 – ə vursaq, eləyir 48. Yoxsa, 15 – i 3 ə vurmaq lazımdır? Nəisə, əşi, məncə o qədər də fərq eləməz… Continue reading

Borc

O lazım olan binanın yanına çatdı. Ətrafa diqqətlə baxdı və sakitlik olduğunu görüb pilləkənlə binanın damına qalxmağa başladı. Sağ əlindəki diplomatı sol əlinə keçirtdi. Bayaq küçəyə çathaçatda 3 nəfər avara ona hücum eliyib əlindəki diplomatı almaq istəyirdilər. Moskvanın küçələri belə sərxoşlarla həmişə bol olur. Ancaq o bir neçə saniyənin içində onların hər üçünü yerə sərmişdi. Əlbəttə 3 nəfər sərxoş Daxili Kəşfiyyat Xidmətinin (DKX) əla hazırlanmış əməkdaşı ilə bacara bilməz. Amma deyəsən vurduğu yumruqlardan biri rəqibin çənəsinə bərk dəymişdi və indi əlində yüngül ağrı hiss edirdi. “Axmaqlar-deyə o düşündü-az qala problem yaradacaqdılar. Yəqin ki belələrinə görə sevdiyim qız mənə onu yaşadığı küçəyə kimi ötürməyə icazə vermir”. Qız haqqında düşünməyi onun dodağında qeyri-ixtiyari təbəssüm yaratdı. ELə bu təbəssümlə də çardağa qalxdı. Uyğun olan yerdə yerini rahatlayıb diplomatı açdı və içindən hissələrə bölünərək yığılmış silahı çıxardıb quraşdırmağa başladı. Sonra isə onu qarşıdakı binanın çıxışına tuşlayıb saata baxdı. Hələ təxminən 10 dəqiqə var. Həmişə düşünmək üçün vaxtı olanda o sevdiyi qız haqqında düşünərdi. Elə indiki kimi. Continue reading

Dəyişən düşüncə

O yavaş yavaş pilləkənləri qalxırdı. İçində bir həyəcan vardı. Bu pilləkənləri axırıncı dəfə düz bir il əvvəl düşmüşdü. Onda da həyəcanlı idi. Amma onda məktəbi bitirməyin həyəcanı qəlbini bürümüşdüsə, indi səbəb tamam başqa idi. İndi düz bir ildən sonra, mayın 31-i o bu məktəbə tələbə kimi gəlirdi. Heç nə dəyişməmişdi sanki. Yenə eyni həyət, eyni qaydalar, eyni şeirler. Dəyişən yalnız bir şey vardı… Nurayın ona baxışları. Ona bəlkə də hal-hazırda məktəbin bütün qızları baxırdı. Amma o təkcə Nurayı görürdü. O bu baxışlarda ilk dəfə idi ki, mehribanlıq görürdü. Bəlkə də ona elə gəlirdi. Bəlkə də o artıq öyrəşmişdi getdiyi hər yerdə qızların diqqətini cəlb eləməyə. Amma bu gözlərdəki dəyişikliyi o hiss etməyə bilməzdi. Yaqin elə buna görə də Nurayın rəfiqəsi onun qulağına Nurayın onu 4 cü mərtəbədə, fizika otağında gözlədiyini deyəndə heç düşünmədən çoxdandı özü üçün bağladığı səhifəni yenidən açmaq qərarına gəmişdi. Continue reading

Hislər və nöqtələr

Offf… Harda qaldı bu? Zəngin vurulmağına da az qalıb. Bəlkə heç bu gün gəlmiyib dərsə? Yooox, bayaq dərsə gələndə gördüm. Yəqin gözümə görsənib. Hmmm…. Belə getsə öz anormallığıma özüm də inanacam… Axi bayaq dəqiq gördüm onu. Elə ilk dəfə onu gördüyüm gün geyindiyi kimi geyinmişdi. Ağ qolu qısa , boğazdan bağlanan köynək, boz ayaqdan biraz qısa şalvar, qara, hündür dabanlı ayaqqabı, və üzərində qara rəng cibi olan ağ çanta…Saçları arxadan quyruq kimi yığılmışdı….Və bütün bunların fonunda onun sanki ilahi tərəfindən dodaqlarına yapışdırılmış məsum gülüş parıldayan mələk siması… Yaşıl gözlər, nazik, kiçik burun, incə dodaqlar və sanki bütün ömrüm boyu gördüyüm sifətin xarakterik cizgiləri. Onu ilk dəfə idi görürdüm, amma bu cizgilər elə bil illərlə gözümün önündə formalaşıb doğmalaşmışdı. Yerdən parıldayan qiymətli daş tapan insan kimi baxırdım ona. Nə qədər qeyri etik olduğunu bilsəm də gözlərimi çəkə bilmirdim. Ürəyimin titrəməyinə özüm də məəttəl qalmışdım. Həyəcanımın səbəbin başa düşmürdüm. Bəlkə tələbə həyatımın ilk günü idi məni həyəcanlandıran?! Və bu gün, sentyabrın 15-i günü hər kəs rektorun açılış nitqini dinləyərkən mən ətrafımdakı hər kəsi, hər şeyi unutmuşdum. Continue reading

Tənhalıq…

Zəif uğultu və musiqi səsi…
Gənclik metrosunun yaxınlığında yerləşən McDonalds nə iləsə digərlərindən fərqlənirdi. Hərdən özü də təəccüblənirdi ki, necə ola bilir ki, bu qədər səs – küyün içərisində beynini dincəldə bilir. Oğlunun ölümündən sonra demək olar ki, hər gün işdən çıxan kimi bura gələr, Kamalın uşaq vaxtı sevdiyi kartoflardan alar, bir saat əyləşər və sonra aldığı qidaya heç toxunmadan belə qalxıb gedərdi.
2 il, 5 ay, 18 gün… Onu həyata bağlayan yeganə ipin qırılmasından məhz bu qədər vaxt keçmişdi. Hələ də nə üçün, kimin üçün yaşadığını anlamırdı. Ancaq çox qəribə idi ki, heç bir dəfə də olsun özünə qəsd etmək barədə düşünməmişdi. Sanki yaşamağının yeganə məqsədi hər gün bu McDonaldsa gələrək kartof almaq, bir neçə saat oturaraq xəyallara qapanmaq və sonra da çıxıb getmək idi. Əsasən də ətrafı unudaraq sadəcə düşünməyi, ya da hər şeyi unutmağı çox sevirdi.
Amma bu gün heç cür fikirlərini cəmləyə bilmirdi. Daxilində anlamadığı proseslər baş verirdi. Gözü qarşıda yerləşən güzgüyə sataşdı. Bir neçə dəqiqə öz əksinə gözünü zillədi. Sanki bu sifəti birinci dəfə idi ki, görürdü. Ona elə gəldi ki, artıq yüz ildir ki, güzgüyə baxmır. Continue reading

Qaranlıq

O, artıq iki saat idi ki, bu skamyada oturmuşdu. Bəlkə də daha çox. Ancaq özü bunu hiss etmirdi. Donmuşdu sanki. Və əgər nəfəs alarkən vücudu qismən tərpənirdisə də, ruhu tamam donmuşdu. Elə beyni də. O indi başqa bir dünyada idi. Bu gün o BƏDBƏXT idi…

Bəzən insanlar bədbəxtliyin nə olduğunu bilməyə bilməyə özlərini bədbəxt hesab edirlər. Ancaq əsl bədbəxtçilik tamam başqadır. Bəzən insanın etdiyi bir səhv onun həyatının səhvi olur və bu da bədbəxtçiliyin əsasını qoyur. Tolstoy da deyirdi ki, “xoşbəxtçilik-peşmançılıq duyulmayan həyatdır.” Ancaq o peşman olub-olmadığını da aydınlaşdıra bilmirdi. Bu gün onun günü deyildi. O, bunu hələ səhər yuxudan duranda hiss eləmişdi.

Axşam qorxulu bir yuxu görmüşdü. Nə olduğu yadında deyildi, ancaq bilirdi ki, çox nadir hallarda gördüyü yuxular ona yaxşı heç nə vəd eləmirdi. Və bu günkü narahatlığı yalnız həyatda optimist hisslərlə yaşayan insanların duya biləcəyi bir duyğu ilə hiss etmişdi. Continue reading

… Mən isə həyatımdan çox razıyam…

Zibil… Bu şəhərin tıxacları məni dəli eliyəcək. Yazıq indi oturub gözləyir yaqin. Hmm. Hələ çox var. Bəlkə də hələ heç hazırlaşmayıb. Amma özümdən aslı deyil. Bu gün onu şəhərin ən gözəl restoranında şam yeməyinə aparacam. Və evlənmək təklifi eliyəcəm. Yeddinci dəfə. Və yaqin ki, o da yeddinci dəfə mənim təklifimi  qəbul etməyəcək. Amma bilmək olmaz. 7 mənim sevimli rəqəmimdir. Bəlkə bu gün axır ki, bəxtim gətirəcək?! Bilmək olmaz.

Həyatımın son 8 ili bütün çalarları ilə yaddaşımdadı. Elə bil o vaxtdan 8 ay, ya da 8 saat keçib. Xoşbəxt ya da bədbəxt olduğumu bilmirəm. Hələ ki qərar verə bilmirəm buna. Əslində mənim yaşımda bir insanın əldə edə biləcəyi hər şeyi əldə etmişəm. Yaxşı işim, maşınım, evim. Dostlar arasında hörmətim. Və o…

Deyəsən yavaş yavaş açılır yol. Maşın sürməkdən heç xoşum gəlmir. Ən azından bu tıxaclara görə…

Onunla 8 il əvvəl tanış olmuşam. Ali məktəbə yeni qəbul olmuşdum. Özümə məxsus fikirlərim, ambitsiyalarım vardı. Həmişə şübhə ilə yanaşdığım oğlan dostlarım, mənə ən yaxın insanları kimi münasibət göstərən qız dostlarım… Continue reading