Pirimə cavab

Pirim, yazını oxudum. Və bitdikdən sonra məhşur bir atalar sözü yadıma düşdü: Rira bien qui rira le dernier.

Bilirəm, başa düşmədin. Axı siz ancaq Azərbaycan dilində bəzəkli cümlələr qura bilirsiniz. Başqa nə gəlir ki, əlinizdən? :D Hələ istəsən sizə Çin dilində elə bir ifadə deyərik ki, dünyanın ən az dörddə biri başa düşər, amma siz fevralın 10 – a kimi cümləyə baxa baxa qalarsız. Bax belə imkanları da var bizim komandanın.

İndi keçək başqa məsələlərə: əslində sənin yazını normal qarşılamaq olardı. Amma axırıncı cümləni oxuyanda, necə deyərlər, aşığı ağlamaq tutdu. Özünüzdən bu qədər arxayın olmağınız başa düşüləndir: hamınız bir birinizi yaxşı tanıyırsız, birinci dəfə deyil ki, birlikdə iş görürsüz. Amma iş burasındadır ki, biz də tanıyırıq sizi. İkinci bir məsələ də bundadır ki, siz bizi tanımırsız. Nəyə qadir olduğumuzdan xəbəriniz yoxdu. Continue reading

Yol göstərənlər

    Yazıya başlamazdan əvvəl sizə bir gülməsiz lətifə danışmaq istəyirəm. Amma xahiş edirəm ki, ortasına çatanda “həə, eşitmişəm bunu, sora da bu belə olacaq, elə olacaq” deməyin və çalışın yalandan da olsa gülümsəyin: bu sizin yumor hissinizin olmasından xəbər verir.

    Bir gün uzaq dağ kəndindən Bakıya gələn bir nəfər şəhərin ortasında bir polisin əlində uzun taxta ilə nəsə hərəkətlər etdiyini görür. Yaxınlaşıb həmin adamdan burda nə etdiyini soruşur, o isə cavab verir ki, sürücülərə yol göstərir. Bunu eşidən qonaq polisə deyir ki, “bu evindən çıxan köpəyoğlu bilmir ki, hara gedir, sən də ona yol göstərirsən?!”

    İndi sözümün canı odur ki, insanın bir yol göstərəninin olması yaxşı haldır. Məsələn, o gün uşaqlarnan şəhərdə gəzəndə ağlıma gəldi ki, İELTS – dən writing-im zəifdir. Sonra əsəbləşdim ki, belə bir şey ağlıma gəlib. Daha sonra narahat oldum ki, belə bir şeyin ağlıma gəlməyinə əsəbləşmişəm. Sonra az qaldı gözlərim dolsun ki, belə bir şeyin ağlıma gəlməməsinə görə əsəbləşməyimə narahat oluram. Amma heç kim yol göstərmədi ki, “a bala, nədən zəifsənsə, get otur hazırlaş da!” Və beləcə imtahan günü gəlib yetişdi. Continue reading

Sürünək!

    Bir dəfə uşaq vaxtı rayonda olanda (rayonda böyüməmişəm ha, sadəcə yayda babamgilə istirahətə getmişdim) nənəmin çoxlu balaca cücələri vardı. Mən o cücələri yemləməyi xoşlayırdım, amma necə yem… Deməli torpağı nə iləsə qazırdım, ordan balaca qurdlar çıxırdı, sonra onları cücələrə işarə edirdim, onlar da gəlib qurdları yeyirdilər. Mən bundan həzz alırdım: əvvəla ona görə ki, uşaqlıqdan bəri dik yeriməyi xoşladığımdan tez – tez yıxılırdım və ona görə də sürünənlərə antipatiyam var idi. Onların yıxılma kimi bir dərdləri yox idi. İkinci səbəb isə elə birinci səbəbdir. Yəni ki, yoxdur, sadəcə iki nöqtədən sonra qurduğum cümlə daha effektli alınsın deyə “əvvəla” sözündən istifadə etdim, indi də etdiyim bu hərəkətin peşmançılığını çəkirəm. Əslində buna öyrəşmişəm, amma problem deyil, belə də yaşamaq olur. Ancaq cücələrin elə bir şansı olmadı: bir müddətdən sonra hamısı, məhşur məmurumuz demiş “bir – bir” ölməyə başladılar. Uşaq ağlımla düşündüm ki, onların ölməyinə səbəb mənim onlara yedirtdiyim qurdlardır. Beləcə cücələrin kütləvi soyqrımında özümü günahkar hesab elədim. Amma baba və nənə məni çox sevdikləri üçün (ümumiyyətlə, sevgi sarıdan uşaqlıqdan əziyyət çəkməmişəm, həmişə istədiyimdən də artığı olub) bu soyqrımda məni günahkar görmədilər.  Yəqin toyuqların televiziyasi hər gün məni pisləyən verlişlər verir, bəzi vətənpərvər xoruzlar çıxıb deyirlər ki, gün gələcək İlkindən intiqamımızı alacayıq, bu məsələni QAY – ın sammitində (Quşların Ali Yığıncağı) bir deputatlığa namizədimizin dediyi kimi, “beynəlxalq arendaya” çıxardırlar. Öz facebook – larında səhifə adminləri mənim şəkillərimi eybəcər hala salıb paylaşırlar və yazırlar ki, “bu insana nifrət edən 333 nəfər axtarırıq”. Toyuqlar dəqiq millətdilər, onlar hər şeyi konkret rəqəmlə ölçürlər. Amma əsas nənədir (baba rəhmətə gedib), nənə də qəbul eləyəsi deyil bu soyqrımı. Continue reading

Gəlirəm…!

 
Gözlərini qəfildən açdı. Öz otağında idi. Bir neçə dəqiqə kirimişcə tavana zilləndi. Yuxuda bərk tərləmişdi və indi təri soyuduqca üşüdüyünü hiss edirdi. Yenə eyni yuxu: düz 1 ay idi ki, hər gecə eyni səhnəciyi görürdü. Az qalırdı dəli olsun, dəhşətdən qəfil ayılırdı. Hər gecə 3 nəfərin onun üstünə gəldiyini görürdü. Heç birinin sifət cizgiləri görsənmirdi. Yalnızca gözləri var idi. Biri qadın olan iki nəfərdə bu gözlər bədənin üstündə gəlirdi, üçüncüdə isə heç bədən də yox idi, sadəcə 1 cüt göz idi. Ancaq Fərəcə elə gəlirdi ki, o bu gözləri tanıyır. Amma yadına sala bilmirdi. Gözlər Fərəcin üzərinə getdikcə o geri çəkilirdi və son anda yuxudan ayılırdı.

    Atəşkəs elan olunmasından ay yarımdan bir qədər çox vaxt keçmişdi. Ayağını itirib yataq xəstəsinə çevrilsə də, yenə də ürəyində bir ümid qalırdı ki, tezliklə ermənilər geri çəkiləcək. Atəşkəs elan olunduqdan sonra isə, o, artıq polkovnik Səfərov yox, şikəst Fərəc idi. Hər gecə qorxulu yuxular görən şikəst.

    Əlləri ilə çarpayıya dirsəklənib, qalxıb oturdu…

    1991 – ci illərin sonu idi. Könüllü olaraq Ağdama gələrək, özünümüdafiə batalyonlarından birinə yazılmışdı. Əfqanıstandan yenicə qayıtdığı üçün döyüş vərdişlərini itirməmişdi. Gəldiyi günün axşamı siqaret çəkmək üçün kazarmadan çölə çıxdı. Soyuq havada bir nəfər əsgər dodaqaltı “Qarabağ şikəstəsi”ni zümzümə edirdi. Onun yaxınlaşdığını hiss edib susdu. Fərəc dilləndi:

    – Spiçka var?
Gənc əsgər öz siqaretini Fərəcə uzatdı. Fərəc bir – iki qullab vurduqdan sonra siqareti alışdırdı və geri qaytardı. Hər ikisi sakit dayandılar. Bu dəfə sükutu əsgər pozdu:

    – Deyirlər, Əfqanıstanda döyüşmüsən?!
- Hə, 2 il. Təzə gəlmişdim elə.

    – Doymamısan vuruşmaqdan? – əsgər gülümsündü. Fərəc aydın gecədə onun tünd göy, mənalı gözlərinə baxdı. Continue reading

Səni gözləyirəm… (c) Seyidzadə İlkanə

Salam ana. Necəsən? Mən yaxşı deyiləm ana. Bura uşaq evi deyirlər. Burada çoxlu uşaqlar, müəllimələr var. Ancaq sənin yanında daha yaxşı idim. Bilirəm, sən özün məni bura qoymusan ki, uşaqlarla oynayım, çoxlu dostlarım olsun. Ana, mən sənin yanında daha xoşbəxt idim. Düzdü, burada müəllimələr mənimlə çox mehribandılar. Onlar sənin kimi məni döymürlər. Yadına gəlir, mən bir dəfə sənin telefonunu götürmüşdüm ki, atama zəng vurum. Sən çox əsəbləşdin, qaşığı qızdırıb mənim əlimə basdın. Amma nə olsun ki, məni çox istəyirdin deyə elə etmişdin də. Günah məndə idi ki, sənin telefonuna əl vururdum. Axı atam mənə öyrətmişdi ki, başqalarının əşyalarına əl vurmaq olmaz. Bilirsən, mən hər gecə yatanda əlimin üstündəki o yaranın izlərini öpürəm. Səni görmürəm ki öpüm. Əlimi öpəndə elə bil səni öpürəm. Çox darıxmışam ana, çox darıxmışam…

    Bir gün atam evin ortasında uzanmışdı. Üstünə ağ parça salmışdılar. Onda nənəm, bibim, hamı, ağlayırdı. Ancaq sən ağlamırdın. Mən nənəmdən soruşdum ki, “ niyə atam yerdə uzanıb, siz niyə ağlayırsınız?” O demişdi ki,- Atan Allah babanın yanına getdi”. Sən ağlamırdın deyə mən də ağlamırdım. Mən hələ də başa düşmürəm ki, axı niyə onlar ağlayırdı? Niyə o gündən sonra atamı görmədim? Niyə siz imkan verdiniz ki, dayılar onu çiyinlərində aparsınlar?…

    Ana, bilirsən, mən burda saymağı, ayların, həftənin günlərinin adını öyrənmişəm. Mən bilirəm, artıq 6 yaşım var. Mən artıq 421 gündür ki, burdayam. Bax yazmağı da öyrənmişəm. Sənə 12-ci məktubumdu yazıram. Bilirəm, məktublarımı hər gün oxuyub öpürsən. Mən də bütün məktubları öpüb göndərirəm sənə. Bilirəm ki, bütün məktublarıma cavab yazırsan. Ancaq müəllimələr paxıllıq edib vermirlər mənə o məktubları. Nədənsə ancaq mənim məktublarımı vermirlər. Başqa uşaqlara gələn məktubları gətirirlər. Ana, sən pis olma. Verməsinlər heç, onsuz da yaxınlarda görüşəcəyik… Continue reading

Di dağılışın!!!…

    Bu gün özümün də gözləmədiyim halda çox yaxşı qiymət aldığım imtahandan çıxdıqdan sonra yadıma uşaq vaxtı çoxlarının yaxşı bildiyi bir lətifədən cəsarətlənərək etdiyim bir hərəkət düşdü: təxminən 10 – cu sinifdə oxuyardım. Nömrəsi hələ də telefonumun yaddaşında olan dostlarımdan biri ilə (o vaxtdan bəri dostluq münasibətimi qoruyub saxladığım adamları saymaq üçün bir əlin bir neçə barmağı bəs edər) bir marketə girdik. Pəzəvəng satıcıya yaxınlaşıb “sizdə pampers var?” sualını verdim. O deyəndə ki, “hə, var”, soruşdum ki, “bəs satışda var?”. Bəxtim onda gətirdi ki, bir qolu mən boyda olan satıcı oğlanın intellektual səviyyəsi və yumor hissi o qədər də güclü inkişaf etməmişdi və mən pampers əvəzinə 2 dənə çöplü sok alıb çöplədə – çöplədə marketdən çıxdım.

    İndi düşünə bilərsiz ki, bu hadisənin imtahanla nə əlaqəsi var axı?! Əslində mənim də məqsədim sizi düşünməyə vadar eləməkdir, çünki son vaxtlar ətrafda düşüncəsiz insanlar çoxalıb. Bizim gəncliyin ümumi şəkildə səviyyəsini müəyyən etmək üçün facebook sosial şəbəkəsini açıb, ordakı səhifələrə baxmaq kifayətdir: gülməsiz (“gülməli” sözünün antonimi) statuslar, like dilənməklər filan.

    Artıq sayəmdə düşünmə qabiliyyətiniz inkişaf etdiyi üçün, yenə də düşünə bilərsiz ki, durduğum yerdə bu nə söhbətlərdi mən eləyirəm?! OK, izah eləyim. Continue reading

Sürpriz məktub… (c) İlkanə Seyidzadə

Həyəcanlıydı… Yata bilmirdi… Bütün gecəni yerində uzanıb gözlərini tavana zilləmişdi. Verdiyi qərarı düşünürdü. Anası onun Fəridə qoşulub qaçdığını biləndə nə edəcəkdi?… Yəqin ki, ağlayacaqdı. Başqa əlindən nə gəlirdi ki… Qardaşı əsəbləşəcək, evdə hər şeyi bir-birinə qatacaq, siqareti siqaretə calayıb anasının üstünə cumacaq, “Sən qudurtdun qızını, sənə neçə dəfə dedim ki, ona nəzarət elə… Mən səhər gedib axşam gəlirəm, xəbərim olmur, bəs sən hara baxırdın? Papağımızı soxdu yerə! Öl ay Tərlan öl, bacın qoşulub qaçdı…” deyəcək. Anası da heç nə demədən elə hey susaraq ağlayacaq… Arada da “Allah məni öldürsün, bu nə gün idi mən düşdüm, ay Allah, mənim günahım nə idi ki, bu qız belə tərbiyəsiz oldu” – deyib ağlayacaq..

O, bu  səhnələri kino lenti kimi gözünün önündən keçirtdi. Özü də hiss etmədən  gözlərindən axan yaş damlaları balışını islatdı. Sabah o sevdiyi insana qovuşacaq. Onlar artıq  öz gələcəklərini, toylarını, hər bazar bir yerdə  gəzməyə gedəcəklərini, hətta övladlarının adını belə dəqiqləşdirmişdilər — oğlan olsa adını Ramal, qız olsa Nuray qoyacaqlar. Hər şey onun istədiyi kimi olacaq. Bəs niyə o belə narahat idi? Əvvəl-axır onsuz da anası onu bağışlayacaq… Yox, elə Aytənin ilk zəngində anası onu bağışlayacaq. Bir neçə ay sonra da yəqin ki, qardaşı Tərlan onu Fəridlə birgə evinə dəvət edəcək, hədiyyə verib, xoşbəxt olun deyəcək. Hər halda o belə düşünürdü… Continue reading

Etiraf edirəm ki…

Az.wordpress.com ünvanında ən son yazılara baxıb gördüm ki, bir qrup bloqer maraqli bir tendensiya başlayıb. Etiraflar haqqında yazırlar. Hər kəs nələrisə etiraf edir. Maraqlı gəldi, qoşulmaq qərarına gəldim.

Beləliklə:

-         Etiraf edirəm ki, hansı etirafdan başlayıb, hansı ilə bitirəcəyimi hələ dəqiqləşdirməmişəm.

-         Etiraf edirəm ki, həmişə publikanın diqqət mərkəzində olmağı xoşlamışam.

-         Etiraf edirəm ki, yalan danışmağı xoşlamasam da, lazım gələndə bunu çox ustalıqla bacarıram.

-         Etiraf edirəm ki, yaxşı dost deyiləm.

-         Etiraf edirəm ki, hərdən çox kobud oluram.

-         Etiraf edirəm ki, qohumlarımın hamısını çox sevirəm, ancaq çox darıxdığım yalnız bir insan var: əmim qızı – Alsu Continue reading

“Həqiqət axtarışında” və ya “Sariyanın suçu nə?”

  Yəqin ki, söhbətin nədən gedəcəyini təxmin elədiz. Son günlərdə facebookda və ümumilikdə gənclər arasında böyük səs – küyə səbəb olan, ajiotaj yaradan bir məsələ – Sariya adlı bir xanımın “AFİŞA” adlı dərgiyə verdiyi müsahibədəm danışacam. Məqalə haqda bir qədər sonra, amma mütləq deməliyəm ki, insanların bu intervyuya reaksiyası məni bir qədər çaşdırdı. Yazıq qıza qarşı əməlli başlı kompaniya başladıldı, facebookda səhifə, karikaturalar, ələsalmalar filan… Təkcə xalq düşməni elan eləməkləri qaldı. Hətta etibarsız mənbədən qulağıma çatan məlumatlara görə Sariyanın başına pul qoyulub.

Məqalənin olduqca mənasız və məntiqsiz olduğunu inkar etməyəcəm. Daha dəqiq desəm, məntiqsiz fikirlər bolluq təşkil edirdi. Şəxsən mənə elə gəlir ki, Sariya fikirlərini lazım olduğu kimi ifadə edə bilməyib. Ancaq digər tərəfdən də adama deyərlər ki, üzə bilmirsənsə ağacda nə işin var? Yəni danışa bilmirsənsə danışma. Əslində AFİŞA dərgisinin müsahibə götürdüyü gənclər keçmiş Sovet məkanı ölkələrinin titullu, köklü ailələrinin övladları olur, ancaq bu cür ailənin övladı olmaq o demək deyil ki, insanın çox yaxşı danışıq qabiliyyəti olmalıdır. Amma ikinci bir şeyi də nəzərə alın ki, heç də hamımızın danışıq və yazı qabiliyyəti hədsiz dərəcədə super deyil.

Sariyanı QINAYANLARın düşüncəsində 2 məqama diqqət yetirmək lazımdır: Continue reading