Salam ana. Necəsən? Mən yaxşı deyiləm ana. Bura uşaq evi deyirlər. Burada çoxlu uşaqlar, müəllimələr var. Ancaq sənin yanında daha yaxşı idim. Bilirəm, sən özün məni bura qoymusan ki, uşaqlarla oynayım, çoxlu dostlarım olsun. Ana, mən sənin yanında daha xoşbəxt idim. Düzdü, burada müəllimələr mənimlə çox mehribandılar. Onlar sənin kimi məni döymürlər. Yadına gəlir, mən bir dəfə sənin telefonunu götürmüşdüm ki, atama zəng vurum. Sən çox əsəbləşdin, qaşığı qızdırıb mənim əlimə basdın. Amma nə olsun ki, məni çox istəyirdin deyə elə etmişdin də. Günah məndə idi ki, sənin telefonuna əl vururdum. Axı atam mənə öyrətmişdi ki, başqalarının əşyalarına əl vurmaq olmaz. Bilirsən, mən hər gecə yatanda əlimin üstündəki o yaranın izlərini öpürəm. Səni görmürəm ki öpüm. Əlimi öpəndə elə bil səni öpürəm. Çox darıxmışam ana, çox darıxmışam…
Bir gün atam evin ortasında uzanmışdı. Üstünə ağ parça salmışdılar. Onda nənəm, bibim, hamı, ağlayırdı. Ancaq sən ağlamırdın. Mən nənəmdən soruşdum ki, “ niyə atam yerdə uzanıb, siz niyə ağlayırsınız?” O demişdi ki,- Atan Allah babanın yanına getdi”. Sən ağlamırdın deyə mən də ağlamırdım. Mən hələ də başa düşmürəm ki, axı niyə onlar ağlayırdı? Niyə o gündən sonra atamı görmədim? Niyə siz imkan verdiniz ki, dayılar onu çiyinlərində aparsınlar?…
Ana, bilirsən, mən burda saymağı, ayların, həftənin günlərinin adını öyrənmişəm. Mən bilirəm, artıq 6 yaşım var. Mən artıq 421 gündür ki, burdayam. Bax yazmağı da öyrənmişəm. Sənə 12-ci məktubumdu yazıram. Bilirəm, məktublarımı hər gün oxuyub öpürsən. Mən də bütün məktubları öpüb göndərirəm sənə. Bilirəm ki, bütün məktublarıma cavab yazırsan. Ancaq müəllimələr paxıllıq edib vermirlər mənə o məktubları. Nədənsə ancaq mənim məktublarımı vermirlər. Başqa uşaqlara gələn məktubları gətirirlər. Ana, sən pis olma. Verməsinlər heç, onsuz da yaxınlarda görüşəcəyik… Continue reading