Bu gün özümün də gözləmədiyim halda çox yaxşı qiymət aldığım imtahandan çıxdıqdan sonra yadıma uşaq vaxtı çoxlarının yaxşı bildiyi bir lətifədən cəsarətlənərək etdiyim bir hərəkət düşdü: təxminən 10 – cu sinifdə oxuyardım. Nömrəsi hələ də telefonumun yaddaşında olan dostlarımdan biri ilə (o vaxtdan bəri dostluq münasibətimi qoruyub saxladığım adamları saymaq üçün bir əlin bir neçə barmağı bəs edər) bir marketə girdik. Pəzəvəng satıcıya yaxınlaşıb “sizdə pampers var?” sualını verdim. O deyəndə ki, “hə, var”, soruşdum ki, “bəs satışda var?”. Bəxtim onda gətirdi ki, bir qolu mən boyda olan satıcı oğlanın intellektual səviyyəsi və yumor hissi o qədər də güclü inkişaf etməmişdi və mən pampers əvəzinə 2 dənə çöplü sok alıb çöplədə – çöplədə marketdən çıxdım.
İndi düşünə bilərsiz ki, bu hadisənin imtahanla nə əlaqəsi var axı?! Əslində mənim də məqsədim sizi düşünməyə vadar eləməkdir, çünki son vaxtlar ətrafda düşüncəsiz insanlar çoxalıb. Bizim gəncliyin ümumi şəkildə səviyyəsini müəyyən etmək üçün facebook sosial şəbəkəsini açıb, ordakı səhifələrə baxmaq kifayətdir: gülməsiz (“gülməli” sözünün antonimi) statuslar, like dilənməklər filan.
Artıq sayəmdə düşünmə qabiliyyətiniz inkişaf etdiyi üçün, yenə də düşünə bilərsiz ki, durduğum yerdə bu nə söhbətlərdi mən eləyirəm?! OK, izah eləyim.
Bugün imtahandan çıxdıqdan sonra qrup yoldaşlarım Elçin və Rəşidlə biraz gəzişdik qarlı havada. Fəvvarələr meydanında, artıq insanlardan bezmiş, bir gün dilə gəlib hamımızı söyəcək olan, qiyamət günündə onun başına gətirdiyimiz əzablara görə cavab verəcəyimiz çətirli qız heykəlciyinin qabağından keçərkən gördük ki, 4 nəfər qaqaş tanımadığı qızlara qartopu atır. Qızlar əsəbləşib bunları söyəndə isə arsız arsız gülüb onlara çox da anlaşıqlı olmayan bir ləhcədə cavab qaytarırdılar. Və biz də diskusiya edib belə qərara gəldik ki, Bakı heç də çoxlarının təsvir elədiyi kimi müasir şəhər deyil. Bakı sadəcə və sadəcə müasir bəzəklərlə bəzədilmiş bir dağ kəndidi. Eyni davranışlar, eyni düşüncə tərzi, eyni insanlar… Ancaq düşündük ki, hələ heç də hər şey itirilməyib, hələ də vəziyyəti xilas etmək olar. Mənim “necə?” sualını isə, başının bir qədər iri ölçülərinə görə kreativ ideyalara malik dostum Elçin cavablandırdı. Dedi ki, şəhərin girəcəyində (söhbət Biləcəridən gedir) IHoSQ Control (Is He or She Qj?) aparatı quraşdırılsın. Şəhərə gələnlər yalnız bu aparatdan keçdikdən sonra şəhərə buraxılsın. Soruşdum ki, bəs artıq şəhərə yoxlanışsız buraxılmış insanları necə detect edək? Bu suala başı Elçinin başından bir qədər balaca olsa da, çox gözəl analiz etmək qabiliyyətinə malik olan Rəşid cavab verdi. Dedi ki, elələrini tanımaq çox asandı: onların başları kvadrat formada olur, saçlarının qabağında 3 dənə çolka sallanır və onlar metroda “qaqa, pulun çatıf, düşərsən” və ya “metronun təkəri partdasa qalajıyıx belə” və s. bu kimi zarafatlar edirlər. Amma sonradan qərara gəldik ki, insanları xarici görünüşü və zarafatlarına görə judge etmək olmaz. Çünki, məsələn, mən Azərbaycanda elə bir gənc tanımıram ki, metro İçərişəhər metrosuna çatdıqda, dispetçerin “ … Hörmətli sərnişinlər, vaqonlardan düşərkən əşyalarınızı götürməyi unutmayın!” ifadəsindən sonra yanındakı dostuna “yaxşı ki, dispetçer dedi, yoxsa yadımnan çıxıb qalacaqdın burda” deməsin.
Ümumiyyətlə, biz üçümüz bir yerə düşəndə çox qlobal mövzular barədə baş sındırırıq. Məsələn, Fransa senatının qondarma erməni soyqrımını qəbul etməsi, İsrailin Qəzzada törətdiyi qırğınlar və s. Bütün bunların bizə heç aidiyyatı yoxdur. Biz daha ciddi məsələlərlə maraqlanırıq. Məsələn, o gün öz aramızda müzakirə elədik ki, oğlanların necə qızlardan xoşu gəlmir. Aydın oldu ki, 3 – müz üçün də ortaq olan 2 point var: 1. Küçədə yüksək səslə gülən qızlar; 2. Dönər yeyən qızlar. Bəli, bəli, elədir. Yaraşmır da qıza dönər yemək. Hərdən oğlanlar deyir e, “mənə evlənəcəyim qızın keçmişin bilmək çox vacibdir”. Bax, həmin keçmiş də bundan ibarətdir. Yəni araşdırırlar görək o qız keçmişdə dönər yeyibmi, yoxsa yeməyibmi…
Bu yazını oxuduqdan sonra hansısa qızın dönərdən imtina etdiyini eşitsəm çox sevinərəm. Daha doğrusu sevinərik. Mən, Rəşid və Elçin. Çünki qorxuruq ki, evlənməyə qız tapmayacayıq, bu lənətə gəlmiş dönər ucbatından. (Bu cümləni facebook’da yazsaydım sonunda mütləq bir kədərli smaylik qoyardım, amma bloqda o biraz yersiz görsənir).
İndi əgər düşünürsünzsə ki, o IHoSQ Control aparatından elə ilk olaraq biz 3 – müz keçməliyik, sizi təbrik edirəm: axır ki, düşünmək qabiliyyətiniz tam şəkildə bərpa olundu.
Di dağılışın!







Jan 28, 2012 @ 16:14:05
Adı kimi mənasız idi)) Gülməsiz, İHoSQ Control sözləri brend ola bilər üstündə diyansan
Jan 28, 2012 @ 16:15:39
Twitterde hash tag eliyerem
))
Jan 28, 2012 @ 16:38:59
İlkin sonuncu cülmeni yaxşiki qeyd eledin))
Feb 03, 2012 @ 07:09:43
Əla!
Bu hissəni oxuyanda güldüm: “onların başları kvadrat formada olur, saçlarının qabağında 3 dənə çolka sallanır və onlar metroda “qaqa, pulun çatıf, düşərsən” və ya “metronun təkəri partdasa qalajıyıx belə” və s. bu kimi zarafatlar edirlər”