Bu gün özümün də gözləmədiyim halda çox yaxşı qiymət aldığım imtahandan çıxdıqdan sonra yadıma uşaq vaxtı çoxlarının yaxşı bildiyi bir lətifədən cəsarətlənərək etdiyim bir hərəkət düşdü: təxminən 10 – cu sinifdə oxuyardım. Nömrəsi hələ də telefonumun yaddaşında olan dostlarımdan biri ilə (o vaxtdan bəri dostluq münasibətimi qoruyub saxladığım adamları saymaq üçün bir əlin bir neçə barmağı bəs edər) bir marketə girdik. Pəzəvəng satıcıya yaxınlaşıb “sizdə pampers var?” sualını verdim. O deyəndə ki, “hə, var”, soruşdum ki, “bəs satışda var?”. Bəxtim onda gətirdi ki, bir qolu mən boyda olan satıcı oğlanın intellektual səviyyəsi və yumor hissi o qədər də güclü inkişaf etməmişdi və mən pampers əvəzinə 2 dənə çöplü sok alıb çöplədə – çöplədə marketdən çıxdım.
İndi düşünə bilərsiz ki, bu hadisənin imtahanla nə əlaqəsi var axı?! Əslində mənim də məqsədim sizi düşünməyə vadar eləməkdir, çünki son vaxtlar ətrafda düşüncəsiz insanlar çoxalıb. Bizim gəncliyin ümumi şəkildə səviyyəsini müəyyən etmək üçün facebook sosial şəbəkəsini açıb, ordakı səhifələrə baxmaq kifayətdir: gülməsiz (“gülməli” sözünün antonimi) statuslar, like dilənməklər filan.
Artıq sayəmdə düşünmə qabiliyyətiniz inkişaf etdiyi üçün, yenə də düşünə bilərsiz ki, durduğum yerdə bu nə söhbətlərdi mən eləyirəm?! OK, izah eləyim. Continue reading