Bu gün özümün də gözləmədiyim halda çox yaxşı qiymət aldığım imtahandan çıxdıqdan sonra yadıma uşaq vaxtı çoxlarının yaxşı bildiyi bir lətifədən cəsarətlənərək etdiyim bir hərəkət düşdü: təxminən 10 – cu sinifdə oxuyardım. Nömrəsi hələ də telefonumun yaddaşında olan dostlarımdan biri ilə (o vaxtdan bəri dostluq münasibətimi qoruyub saxladığım adamları saymaq üçün bir əlin bir neçə barmağı bəs edər) bir marketə girdik. Pəzəvəng satıcıya yaxınlaşıb “sizdə pampers var?” sualını verdim. O deyəndə ki, “hə, var”, soruşdum ki, “bəs satışda var?”. Bəxtim onda gətirdi ki, bir qolu mən boyda olan satıcı oğlanın intellektual səviyyəsi və yumor hissi o qədər də güclü inkişaf etməmişdi və mən pampers əvəzinə 2 dənə çöplü sok alıb çöplədə – çöplədə marketdən çıxdım.
İndi düşünə bilərsiz ki, bu hadisənin imtahanla nə əlaqəsi var axı?! Əslində mənim də məqsədim sizi düşünməyə vadar eləməkdir, çünki son vaxtlar ətrafda düşüncəsiz insanlar çoxalıb. Bizim gəncliyin ümumi şəkildə səviyyəsini müəyyən etmək üçün facebook sosial şəbəkəsini açıb, ordakı səhifələrə baxmaq kifayətdir: gülməsiz (“gülməli” sözünün antonimi) statuslar, like dilənməklər filan.
Artıq sayəmdə düşünmə qabiliyyətiniz inkişaf etdiyi üçün, yenə də düşünə bilərsiz ki, durduğum yerdə bu nə söhbətlərdi mən eləyirəm?! OK, izah eləyim. Continue reading
Həyəcanlıydı… Yata bilmirdi… Bütün gecəni yerində uzanıb gözlərini tavana zilləmişdi. Verdiyi qərarı düşünürdü. Anası onun Fəridə qoşulub qaçdığını biləndə nə edəcəkdi?… Yəqin ki, ağlayacaqdı. Başqa əlindən nə gəlirdi ki… Qardaşı əsəbləşəcək, evdə hər şeyi bir-birinə qatacaq, siqareti siqaretə calayıb anasının üstünə cumacaq, “Sən qudurtdun qızını, sənə neçə dəfə dedim ki, ona nəzarət elə… Mən səhər gedib axşam gəlirəm, xəbərim olmur, bəs sən hara baxırdın? Papağımızı soxdu yerə! Öl ay Tərlan öl, bacın qoşulub qaçdı…” deyəcək. Anası da heç nə demədən elə hey susaraq ağlayacaq… Arada da “Allah məni öldürsün, bu nə gün idi mən düşdüm, ay Allah, mənim günahım nə idi ki, bu qız belə tərbiyəsiz oldu” – deyib ağlayacaq..